Xəbərlər
14.12.2023 18:45
2803
Bayramı sağlam şəkildə keçirmək üçün kardioloqdan AÇIQLAMA
Qarşıdan Yeni il tətili mövsümü gəlir, biz özümüzdən heç nəyi, xüsusən də yemək və içkiləri inkar etməməyə öyrəşmişik. Ancaq sağlam həyat tərzi keçirmək və düzgün qərarlar qəbul etmək çox vacibdir.
QHT.az bayramlarda ürəyinizə zərər verməmək üçün hansı qida və içkilərdən uzaq durmaq lazım olduğunu aydınlaşdırmaq üçün həkim- kardioloq Ziba Eyvazovadan AÇIQLAMA alıb. Həkim- kardioloq açıqlamasında bildirib ki, ürək damar sistemi xəstəliklərindən əziyyət çəkən insanlar yeni il menyusunda daha yaxşı olar ki, toyuq və balıq məhsullarından hazırlanmış yeməklərə və salatlara üstünlük versinlər: “Qəbul edəcəkləri şirniyyatı meyvə ilə əvəzləsinlər. Duzlu və qızardılmış qidalardan istifadə etməmək daha məqsədəuyğundur. Siqaret və spirtli içkilərdən uzaq dursunlar. Siqaret çəkməmək yeni ildə ürəyiniz üçün edəcəyiniz ən böyük hədiyyədir. Gündəlik dərman qəbulu və həkimin onlar üçün təyin etdiyi həyat düzəninə əməl etsinlər. “Bir dəfə qaydanı pozsam bir şey olmaz” fikrindən uzaq dursunlar, bu düşüncə sonda arzuolunmaz nəticələrə səbəb ola bilər. Ürəyinizi qoruyun ki, sevdiklərinizlə bərabər daha çox illəri qarşılaya biləsiniz”.
Qısası, bayramda qidalanma rejimimizi pozmayaq ki, sonra aldığımız çəkiləri azaltmaq üçün uzun müddət çalışmayaq.
Pərvanə Fərhadqızı